26 Apr 2015

Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Manaf Süleymanov

   

Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabını yüklə.


Manaf Fərəc oğlu Süleymanov (3 mart 1912, Lahıc – 12 sentyabr 2001 Bakı) – yazıçı, nasir, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi (1991).

Azərbaycan Sovet yazıçısı M. Süleymanovun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabı Bakının qədim keçmişindən, inqilab dövründə «neft səltənətində» baş verən hadisələrdən, Bakının keşməkeşli günlərindən bəhs edir.  
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qədim keçmişindən, inqilab dövründə neft səltənətində baş verən hadisələrdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.

Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövründən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haqqında bədii salnamədir. O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalarını  göstərən bir güzgüdür.

Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdır.

Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir kitab yoxdur.

Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirmişdir.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilmişdir.

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışmış qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplamışdır.

M.F. Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M.F. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri də fotoşəkilləri şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir. Qədim tarixə malik olan Lahıcda doğulmasından fəxr edir.

Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin Arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilmişdir.


Zəngin tarixi və faktiki sənəd materialları əsasında yazılmış əsərləri onun gələcək nəsillər tərəfindən də maraqla oxunacağına ümid verir. Manaf Fərəc oğlu Süleymanov Azərbaycan bədii ədəbiyyat tarixinin yaddaqalan nümayəndələrindən biridir.

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: