28 Apr 2015

Hacı Zeynalabdin Tağıyev. Manaf Süleymanov

   

Manaf Süleymanovun "Hacı Zeynalabdin Tağıyev" kitabını yüklə.


Hacı Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı. Bakı Tacir Bankının bank şurasının sədri.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.

Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə başlarkən onun riskli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək pul töküb quyu qazdırır, lakin quyu neft vermirdi.

1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və əmələlər tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümüdlərini itirir – öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb (Azərbaycan tarixi muzeyi). Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı.



Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: