1 Apr 2015

Yerfililər. Tahir Həsənli

   

Tahir Həsənlinin "Yerfililər" kitabını yüklə.


Redaktor: Yusif Dirili
Kompüter yığımı: Məcid Həsənli
Korrektor: Elçin Hüseynov

Kitabda Yerfi kəndi və onun işgüzar insanları haqqında müəllifin şəxsi xatirələri, həmçinin bəzi tayfaların şəcərələri yer alıb. Bundan başqa kitabda kəndlə bağlı şəkillərə də kifayət qədər yer verilib. Gələcək nəsillərə vəsilə olması diləklərimizlə.

Yerfi kəndinin yerləşdiyi ərazi dil, etnoqrafiya, tarix baxımından maraqlı, az öyrənilmiş, tədqiqat üçün zəngin materialı olan bir yerdir. Dil baxımından bu kəndlərin yerləşməsi çox şeydən xəbər verir. Bu ərazinin ən qədim kəndləri dedikdə dəniz səviyyəsindən iki min metr yüksəklikdə yerləşən Xınalıq, Buduq, Cek, Hapıt, Qrız kimi kəndlər yada düşür. Bu kəndlər ayrıca dilləri olmaqla seçilir. Dəniz səviyyəsinə görə bu kəndlərdən bir qədər aşağı, min beş yüz metrə yaxın yüksəklikdə olan Rük, Söhüb, Qarxun, Adur, Dərk, Talış, Yerfi, Qayadalı, Nohurdüzü, Aydınkənd kimi kəndlər Azərbaycan türkcəsi  ilə  danışan,  başqa  dili  olmayan  kəndlərdir.  Bu kəndlərdən nisbətən aşağı, yəni dəniz səviyyəsindən təxminən min metr yüksəklikdə olan kəndlər isə tat kəndləridir. Buraya Xaltan, Qonaqkənd, Afurca, Güləzi ərazi inzibati vahidliklərini göstərmək  olar.  Tat  kəndləri,  əsasən  Şamaxı-Quba  yolu üzərində, münbit torpağı, meşəliyi, bağları olan ərazilərdir.

Yerfi kəndində yaşayanlar Azərbaycan türkcəsi ilə danışır, ayrı dili yoxdur. Tatlarla qohumluq əlaqəsi var. Lakin nədənsə tarix elmlər namizədi Məhəmməd Əliyev “Azərbaycan tatları” adlı kitabında Yerfini tat kəndi kimi göstərmişdir. Kitab haqqında danışmadan təkcə onu demək istəyirəm ki, müəllif yazdıqlarına diqqətlə yanaşmadığından əslində tat olmayan Adur, Bilgəh, Qarxun, Dərk, Yerfi, Söhüb, Talış, Növdün kimi kəndləri də tat kəndləri adlandırmışdır. Görünür ki, müəllif bu yerləri yaxşı tanımırmış.

Doğrudur, Yerfi kəndində bir çox ərazi adları fars dilindən gəlmə sözlərlə adlandırılmışdır. Bu tatla bağlı deyil. Bunu Şimali Azərbaycan ərazisinin uzun müddət İranla bağlı bir dövlət tərkibində olması ilə əlaqələndirilməsi daha düzgün olardı. Məlumdur ki, dilimizdə fars dilindən gəlmə sözlər, yer adlarımızda fars mənşəli adlar vardır. Yerfi ərazisində təkcə fars deyil, ərəb mənşəli yer adlarına da rast gəlinir. Bu da kəndin tarixinin min ildən çox olduğuna demək üçün əsas verir. Bu kəndin tarixini müəyyənləşdirmək üçün yer adlarına, qəbiristanlıqlara, kənd sakinlərinin qazıntı apardıqları zaman tapılmış nümunələrə diqqət yetirmək lazım gəlir. 

Yer adları arasında Qəh, Quləh, Keş, Lağlağır, Varna, Zarat, Kələnsə, Oydəh, Kərx, Təmçəh, Vərmiş və sair adlar ərəb və farsla əlaqələnir. Məsələn, Qəh və Quləh sözləri ərəb mənşəli olub aşağı və yuxarı mənaları verir.

Mənası asanlıqla anlaşılan türk mənşəli yer adları da çoxdur. Qaraqız, Ağbulaq, İlxı yaylağı, Qara işğın, Seyfə dibi, Qoşa nohur, Qarapalçıq, Alapalıdlıq, Bərk dərə kimi adlar bu yerlərin sahibləri haqqında məlumat verir.

Kənddə üç yerdə qəbiristanlıq vardır. Sağ və sol tərəflərdə olan qəbiristanlıqların sel suları yuyan yerlərində çoxlu açılmış qəbirlər vardır. Daşı düşmüş, yeri itmiş qəbirlər də çoxdur. Bəzən boş yer hesab edilib, yeni ölən üçün düz yerdə qazılan qəbirin köhnə qəbir olduğu, daş qutuların və skeletin çıxdığı dəfələrlə olmuşdur. Həmin qəbrin kimə, yaxud hansı nəslə mənsub olduğu isə heç kimə məlum deyil. Kəndin ortasında sonradan boş yerə çevrilmiş, hətta mağaza tikilmiş ərazinin müxtəlif yerlərində dəfələrlə qəbir aşkar edilmişdir. Belə mülahizə etmək olar ki, çox qədimlərdə kəndin ilkin ərazisi Qəhdən başlamış, bu günkü kəndin ortasına qədər olmuşdur. Həmin yerdə bostan, bağ olmamış, bir-birinə yaxın evlər olmuşdur. Hər ailənin də bir otağı olduğundan bu gün kiçik görünən yerdə yüzə yaxın ailə yaşamışdır. Müsəlman olan əhalinin məscidinin olması da yəqindir. Bu kənddə məscidin rus işğalından sonra tikildiyini düşünmək səhv olar. O dövrə aid etdiyimiz ərazi üçün məscid kəndin tam ortasında tikilmişdir. Bu gün kəndin ortasında qalmış qəbiristanlıq o vaxt kəndin kənarı olmuşdur. Kəndin qərb qurtaracağında Əliməmmədlilər məhəlləsi yerləşdiyindən bu qəbiristanlığın da onlara aid olduğu deyilir.

XVIII əsrdə xanlıqlararası çarpışmalar vaxtı başqa yerlərdən Yerfiyə köçmələr, eləcə də Yerfidən köçmələr olmuşdur. Bu dövrdə kənd böyümüş, qəbiristanlıq da kəndin ortasında qalmış, yeni ölülər bir qədər uzaqda dəfn edilmiş , illər keçdikcə unudulmuşdur.  Kəndin  qədim  ərazisi  məscidin  olduğu tərəfin olmasını sübut edən bir cəhət də vardır. Kəndin bu hissəsində məhəllə adları saxlanılmışdır. Musa məhəlləsi, Güney məhəllə, Çuxur məhlə, Əliməmmədli məhləsi və başqaları. Amma bu günkü kəndin ikinci yarısında evlər nəsillərə görə qruplaşmır, müxtəlif nəsillərdən olan adamlar qonşudurlar. Doxsan ildən çox ömür sürmüş , 1930-cu illərdə məktəbdə işləmiş (o vaxt məktəb təsərrüfatı da olduğu üçün ŞKM (şekaem), yəni kolxozçu gənclər məktəbi adlanırdı) Məmmədov Ramazan söhbət edirdi ki, məktəbin indi bağ olan  sahəsində  ayaqyolu  qazıyırdıq. Təxminən  iki  metr dərinlikdən ocaq yeri və insan sümükləri çıxdı.

Yerfi kəndinin adı da tarixi qədər qədimdir. Yerfi toponimini mənbələrdə tez-tez rast gəlinən Dağıstanın Yersi kəndinin adı ilə eyniləşdirən, əlaqələndirərək izah etməyə çalışanlar da olur. Lakin Yerfi Yersi deyil. Nəinki respublikamızda, eləcə də köhnə Sovetlər İttifaqının ərazisində müvafiq ədəbiyyatda Yerfi adında ikinci bir yer yoxdur. Kəndin adını bildirən bu sözün mənası bir neçə cür şərh edilir.

“Azərbaycan toponimləri” kitabında oxuyuruq: “Kəndin adının qədim türk dillərindəki yar (yarğan, dərə) sözü ilə əlaqədar yaranması ehtimal olunur. Kəndin ərazisində eyni adlı dağ da var. Güman etmək olar ki, dağın adı ərazidəki Tufan dağın (Qusar rayonu), Tufan gölün (Qəbələ, Qusar rayonları), Fiy aşırımının (Oğuz rayonu) adları ilə bağlı olub (“fiy” avar dilində “tufan” mənasına uyğundur) “tufan olan yer” mənasındadır (2-ci cild, “Şərq-Qərb”, Bakı, 2007, səh. 278).

Bu məlumat inandırıcı deyil. Yerfi kəndi dağların əhatəsində olduğu üçün bu yeri tufan tutmur. Digər ehtimal ki, yarğan, 11dərə kəlmələridir, bu da şübhə doğurur. Çünki bu dağlıq ərazidəki kəndlərin hər biri bir dərədə, yarğanda yerləşir.

Yerfi adı ilə bağlı bir ehtimal da var. Lev Qumilyovun “Qədim türklər” kitabında erpi qəbiləsi haqqında danışılır. Professor Ə.Dəmirçizadə yazır ki, qədim dillər üzərində aparılmış təd-qiqatdan məlum olur ki, “pi” cəm bildirən şəkilçidir. Nəzərə alsaq ki, rus dilində “ə” əvəzinə “e” işlədilir, onda bu sözün “ərpi” olduğunu düşünmək olar. “Erpi”, “ərpi” ərlər mənasını verir. Erpi-yerpi-yerfi fonetik dəyişikliyinə uğramış Yerfi toponiminin gözəl bir anlamı meydana gəlir: ”Ərlər yurdu”.

Təəssüf ki, bu dediklərimizin hamısı mülahizələrdir. Yerfi toponiminin dəqiq şərhə ehtiyacı qalmaqdadır.

Qonşu Söhüb kəndində atəşpərəstlik dövründən qalma qalanın olması, Söhüb mağaraları, Zıxırda Yeddilər qalası, 4-5 min illik tarixi olan Xınalıq və “tarixin başqa yaddaşları” bu dağlıq ərazinin qədim insan məskəni olduğunun sübutudur.

Yerfi kəndinin arxasında Kələva baba adlı zirvəyə yaxın yerdə qədim tikililər vardır. Yerfi camaatının qalalar adlandırdığı bu tikililər yamacda olduğu üçün birtərəfli görünür. Bu tikililərin müdafiə xarakteri daşıdığını da deyirlər. Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyinin saytında 11-12-ci əsrlərə aid yerli əhəmiyyətli müdafiə qüllələri, inventar No 4640 kimi göstərilir.

Həmin əraziyə Kəlava baba tərəfdən yeraltı su kəməri olubmuş. Mühasirədə qalan, lakin təslim olmayan qoşunun su ilə haradan təchiz olunduğunu bilmək üçün qatırı bir-neçə gün susuz saxlayaraq su xəttini tapmış və mühasirədə olanları məğlub etmişlər. Bəziləri su xəttinin bir deyil, iki olduğunu söyləyir.

Kəndin solunda Xan təpəsi deyilən bir təpə var. Təpənin üstü düzdür. Deyilənlərə görə, hansısa xan o təpənin üstündə çadır qurub bir müddət qalıbmış. O vaxtdan təpəyə Xan təpəsi deyilirmiş.  Bu əhvalatların  orta  əsrlərlə  bağlı  olduğunu düşünmək olar. Baş vermiş hadisələrin, xarici və daxili çəkiş-mələrin izlərini dilimizdə, daşımızda, torpağımızda görmək olur. Yaşlıların söylədiklərinə görə Yerfi kəndində lahıcların məhəlləsi olmuş, onların tikdirdikləri evlərdən ötən əsrin 50-ci illərinədək qalmışdı. İndiki Qayadalı kəndindən 1.5 km yuxarıda Lahıc kəndi, Qayadalıdan 1 km aşağıda isə Mişkəncə kəndi olmuşdur. Lahıc 4-cü əsrdə İranın Lahican əyalətindən köçüb Azərbaycana gəlmiş tatlara mənsub qəbilə adıdır. Lakin bizim kəndimizin ərazisinə gətirilmiş lahıclar və miskincəlilər xanlıqlar dövründə zorla köçürülüb gətirilən əhali olmuşdur. Bir-neçə onillikdən sonra ruslar Azərbaycanda əmin-amanlıq yaratdıqda həmin əhali öz doğma yurdlarına qayıtmışlar. Onlar bu yerlərdə az müddət yaşadıqlarından digər  kəndlərlə  qohumluq  əlaqəsi  yaranmamış,  köçüb getdikdən sonra da həmin əhali ilə əlaqə olmamışdır. Zorla köçürülmüş əhali çox işgüzar olmuş, qısa müddətdə özlərinə şərait qurmuş, miskincəlilər yaşadıqları yerə Kələva babadan su xətti də çəkmişlər.

Yerfi kəndi uzun müddət əhalisinin sayına görə qonşu kəndlərdən üstün olmuş, bəzən dini, bəzən idarəçilik baxımından mərkəz rolunu oynamışdır. 1831-ci il siyahıya almasına görə Yerfidə 79, Qonaqkənddə 63, Cimidə 64, Söhübdə 56, Xaltanda 62 təsərrüfat olmuşdur.

Bu siyahıya almadan təxminən 100 il əvvəl, bu günümüzdən 300  il  əvvəl  haqqında bizə bəzi fikirləri çatdıran  mənbə kəndimizdə olan nəsil adlarıdır. 1831-ci ildə yüzbaşı Əhmədin atası Həşimin 90 yaşı vardı. Həşimin atası Ağakişidir. Ağakişi Yerfiyə 20-30 yaşlarında gəlib, ailə qurub, məskunlaşıbsa bu təxminən 1735–40-cı illərə aiddir. (Kənddə nəsil adları bu dövrdən, kənardan gələnlər olduqda işlənməyə başlamış, sanki “biz”, “siz” deyilmişdir.) Gələnlərin bir qismi ailə şəklində deyil, tək kişidən ibarət olmuş, burada evlənmişdir.

Bu gün Yerfidə yaşayan əhaliyə görə aşağıdakı nəsilləri sadalamaq olar: Musalılar, Nurəlilər, Nağılılar, Davudlular, Əliməmmədlilər, Ağakişililər, Cinitlilər, Günəşlilər, Əlixanlılar, Qaralar. 

Nəsillərdən sonrakı babaların adı ilə əqrəbalar yaranmışdır ki, bəziləri bunları da nəsil kimi təqdim edirlər. Məsələn, Musalılar – Bağırlı, Koxa Musalı, Cıncıq Musalı; Əliməmmədli oğru və keçəl Əliməmmədli  kimi  əqrəbalara  ayrılmışdır. Ağakişililərə əmioğlu deyən Hacıbabalılar, Nağılılara əmioğlu deyən Qaralar da bu qəbildəndir. Beləcə, Seyidəmirlilər, Mollağalılar, Şalyarlılar, Məhməsəylilər, Yaqublular, Şıxbabalılar, Babaxanlılar əsas qollardan ayrılmışdır. Yuxarıda deyildiyi kimi, XVIII əsrdə kəndə gəlmiş Ağakişi Şamaxının (indiki Kürdəmir ərazisi) Xınıslı kəndindən, Günəş Dərbənddən, Qaralar  Qarabağdan,  Cinitlilərin  babası  isə  indiki  Türkiyə ərazisindən gəlmişdir.

Belə bir sual yaranır, niyə nəsil adı kimi məhz 1831-ci il siyahıya almasında olan adamların atasının adı ilə götürülüb? O vaxtdan yüz il əvvəl yaşamış bir babanın adı ilə tanına bilməzdimi? Cavab elə sualın özündədir. Bu nəsil adlarının meydana çıxmasına, elə rusun siyahıya alması səbəb olmuşdur.

XVIII əsrdə xanlıqlararsı vuruşmalar vaxtı başqa yerlərdən Yerfiyə, eləcə də Yerfidən köçmələr olmuşdur. Ağakişililərin Yerfiyə gəlişi 1735-1740-cı illərə, Günəşlilərin nümayəndəsi Günəşin gəlişi isə 1760-cı illərə düşür. Yerfidən gedib İsmayıllı rayonunun Cülyan və Müdrü kəndlərində məskunlaşanların tarixi isə hələ ki, məlum deyil.

Deyilənlərin doğruluğuna inanmaq üçün bir sıra mənbələrə diqqət yetirmək münasib olar. A.Bakıxanov “Gülüstani-İrəm” adlı əsərində yazır: “Samur nahiyəsindəki Mişkincə kəndinin əhalisini 1-ci Şah Təhmasib Səfəvi Astarabad hüdudundan buraya köçürmüşdür. Bu nahiyədə yalnız Mişkincə kəndi şiə məzhəbidir”( səh.20 ). “Şeyx Əli xan qəflətən gedib Dərbəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi” (səh. 215). “Şirvanlı Mustafa xan, Xançobanı tayfasını toplayıb Ağsu  şəhərini  Fit  dağına  köçürməyi  əmr  verdi.  Yaşayış vəsaitinin azlığından və soyuğun şiddətindən əhalıinin bir çoxu fəlakət və zillətə məruz qaldı, bir çoxu da Qubaya və Dərbəndə dağıldı.” (səh. 206).

İskəndər bəy Hacıniski “Qubalı Fətəli xan” əsərində yazır ki, Fətəli xan Dərbənd bəyləri ilə gizli əlaqəyə girdi, onlara o vaxta  qədər  bəxşişlər  verdi,  nəvaziş  göstərdi  ki,  onların bəziləri Qubaya köçdülər. 1759-cu ildə Dərbəndi bir güllə belə atmadan işğal etdikdən sonra da Quba ərazisinə köçmə və ya köçürülmələr olmuşdur.

Şahin Fazil Fərzəlibəyli də “Quba tarixi” kitabında yazır: “Kizlyar komendantı general-mayor fon-Fraundorf tərəfindən Həştərxan qubernatoruna göndərilən 8 dekabr 1759-cu il tarixli  məktubla  məlumat  verildiyinə  görə,  müttəfiqlərin birləşmiş qoşunları sürətlə Dərbəndə gedərək oraya tabe olan kəndlərin əhalisini Quba kəndlərinə köçürməyə başladılar.”

A.Bakıxanov yazır ki, Dərbəndin sünni əhalisi sufi məz-həbdilər. Qubanın da sünni və safii məzhəb olan kəndləri çoxdur. Qatı dindar olmasalar da yerfililər də sünni, safii məz-həbdirlər.

1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra 1831-ci ildə ilk dəfə siyahıya alınma aparıldı. Siyahıya almada ailədə yalnız kişi cinsindən olanlar yazılırdı. Həmin dövrdə qadınların siyahıya alınmasına müsəlman kişisi heç cür razı olmazdı. Siyahıya diqqət etdikdə bunu da görmək mümkündür ki, hələ heç bir ailədə soyadı işlənmir. 

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: