27 May 2015

Dəli Kür. İsmayıl Şıxlı

   

İsmayıl Şıxlının "Dəli Kür" kitabını yüklə.


Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Dəli Kür - böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir.

Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələri təsvir edilir və milli tarixi roman janrı nümunələrindən sayılır. Bununla belə, ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı əsəri qələmə almağa 1957-ci ildə, ilk romanı olan "Ayrılan yollar" əsərinin nəşr olunmasının ardından başlamış və onu 1966-cı ildə tamamlamışdır.

Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: